Uşağın qabiliyyətini necə müəyyən etmək olar?

Uşağın qabiliyyətini müəyyən etməyin bir neçə yolu var:

  • Müşahidə — uşağın sabit maraq göstərdiyi sahələri, hobbiləri və fəaliyyətləri müşahidə etmək.
  • Sorğulama — uşağa özü, maraqları və təcrübələri ilə bağlı suallar verməklə maraq və qabiliyyətləri haqda məlumat toplamaq.
  • Geri bildirim (feedback) — müəllimlərindən, dostlarından və uşağı tanıyan digər yaxın insanlardan onun qabiliyyətləri və maraqları barədə rəy almaq.
  • Simulyasiya — uşağa konkret tapşırıqlar verməklə qabiliyyət sınağı keçirmək. Bu, hər hansı bir təcrübə proqramı, layihə və hətta dərnək məşğələsi də ola bilər.
  • İnstrumental dəyərləndirmə — peşəkar alətlər və metodikalar vasitəsilə uşağın qabiliyyətləri, maraqları və potensialı haqqında hərtərəfli məlumat əldə etmək.

Ən yaxşı yanaşma hansıdır?

İdeal variantda bir neçə yanaşmadan eyni zamanda istifadə etmək tövsiyə olunur. Peşəkar dəyərləndirmə məhz bir neçə mənbədən əldə olunan məlumatların müqayisəli təhlilinə əsaslanır.

1. Hansı yaşda uşağın meyl və maraqlarını müəyyən edə bilərik?

Erkən yaşdan uşağın maraq və meyllərini oynadığı oyunlardan, sevdiyi məktəb dərslərindən, hobbilərindən anlamaq mümkündür. Lakin bu maraqlar çox vaxt sabit deyil və asanlıqla dəyişə bilir. Təxminən 14 yaşdan başlayaraq maraqlar sabitləşməyə başlayır və bu zaman peşə yönümlü konsultasiyalara müraciət etmək mümkündür. Bu, hər zaman konkret peşə seçimi demək deyil. Bəzən məqsəd fərdi inkişaf proqramını hazırlamaq və ya peşə yönləndirməsi etmək ola bilər.

2. Nəyə diqqət etmək lazımdır: oyunlar, hobbilər və s.?

Uşağınızın maraq və qabiliyyətini müəyyənləşdirmək üçün onun öz təşəbbüsü ilə vaxt keçirdiyi fəaliyyətləri müşahidə etmək vacibdir. Övladınız:

  • nə ilə maraqlanır,
  • nəyi araşdırmağı sevir,
  • nəyin üzərində diqqətini uzun müddət cəmləyə bilir,
  • nə ilə öyünür,
  • kimləri özünə rol modeli və ya kumir seçir?

Bütün bunlar uşağın həqiqi maraqlarını müəyyənləşdirmək üçün dəyərli ipucları verə bilər.

Məsələn, son konsultasiyalardan birində valideyn yeniyetmə övladının potensialını müəyyənləşdirmək məqsədilə peşəkar dəstək üçün müraciət etmişdi. Müxtəlif qiymətləndirmə alətlərindən istifadə etməklə, o cümlədən yeniyetmə ilə diaqnostik müsahibə aparmaqla onun potensial maraq istiqamətləri müəyyənləşdirildi, fərdi inkişaf tövsiyələri verildi.

3. Maraq və qabiliyyət arasında hansı fərq var?

Maraq və qabiliyyət hər zaman üst-üstə düşməyə bilər. Bəzən uşağın güclü tərəfləri deyil, məhz zəif tərəfləri onun marağını cəlb edir. Bu, onun zəif cəhətlərini aradan qaldırmaq ehtiyacı ilə də bağlı ola bilər.

Qısaca izah etsək, maraq potensial inkişaf sahəsinə, qabiliyyət isə uşağın güclü tərəflərinə, bacarıqlarına işarə edir. Hər ikisi uğurlu karyera seçimi üçün sağlam zəmin yarada bilər.

4. Uşağa heç nə maraqlı deyilsə, nə etməli?

Burada iki məqamı bir-birindən ayırmaq önəmlidir.

Birincisi:

  • Uşağın real özünükəşf fürsətləri varmı? Onun maraq göstərdiyi sahə ilə məşğul olmaq imkanı varmı?
  • Onun seçimləri nəzərə alınırmı?

İkincisi, bəzən uşaqlardan gözləntilərimiz o qədər böyük ola bilir ki, uşaqlar ümumiyyətlə təşəbbüs göstərməyə çəkinməyə başlayırlar. Bu zaman onları çox vaxt saxlayan uğursuzluq qorxusu olur. Nəticədə elə bir təsəvvür yaranır ki, uşağın heç nəyə marağı yoxdur. Halbuki:

Maraq uşağın anadan gəlmə inkişaf proqramıdır.

«Proqram xətaları» isə bəzən mühit təsiri ilə bağlı ola bilər. Mühit həddindən artıq məhdudlaşdırıcı və ya hiper qayğıkeş olduqda uşağın özünü təsdiq etmək, yeni şeyləri öyrənmək və kəşf etmək motivasiyası zəifləyə bilər. Belə hallarda uşağın təşəbbüskarlığını dəstəkləmək və ya ondan gözləntiləri azaltmaq faydalı ola bilər.

5. Necə dərnək seçək və bir aydan sonra onu atmayaq?

Burada universal məsləhət yoxdur. Bəzən uşaqlar nəyin onlara uyğun olub-olmadığını anlamaq üçün müxtəlif fəaliyyətləri sınamalıdırlar.

Eyni zamanda hər hansı dərnəyi seçərkən uşağın münasibətini nəzərə almaq önəmlidir. Qoy uşaq özü istədiyi fəaliyyəti seçsin, valideyn isə bu seçimi daha şüurlu etməsinə yardım etsin. Bunun üçün uşağa aşağıdakı sualları vermək olar:

  • Niyə bu dərnəyi seçdin?
  • Nəyə nail olmaq istəyirsən? Bu, sənə nə qazandırır?
  • Səncə, bu nailiyyətə nə qədər müddətə nail ola bilərsən?
  • Çətinliklərlə qarşılaşsan, onların öhdəsindən gəlmək üçün nə etməyi düşünürsən?

Bu kimi suallar uşağa seçimini daha şüurlu etməyə və daha sabit motivasiya qazanmağa kömək edə bilər.

6. Nə zaman test keçməli və ya kouça müraciət olunmalıdır?

Çox vaxt ailələr kouça və ya peşə yönümü testlərinə universitet qəbulu ərəfəsində müraciət edirlər. Peşəkar dəstək valideynlərə və yeniyetmələrə daha məlumatlı qərarlar vermək imkanı verə bilər, eyni zamanda həm vaxt, həm də maddi itkilərin qarşısını almağa kömək edə bilər.

Başqa bir keysdə valideyn övladının ixtisas seçimi ilə bağlı dəstək almaq üçün müraciət etmişdi. Yeniyetmə bir neçə peşə seçimi arasında qalmışdı, hər birinə maraq və qabiliyyətinin olduğunu düşünürdü. Gələcəkdə həkim olmağı nəzərdən keçirsə də, bəzən öz qərarına şübhə ilə yanaşırdı.

Qiymətləndirmə zamanı məlum oldu ki, yeniyetmənin əsas maraq sahəsi təbabətdən daha çox liderlik və idarəetmədir. Nəticədə onun maraq və potensialına uyğun inkişaf istiqamətləri müəyyənləşdirildi və ixtisas hazırlığı tövsiyələri verildi.

Instagram: @yegana_careercoach